1. Bankın audit aparılan struktur vahidində (filial, şöbə, nümayəndəlik) nağd vəsaitlərin, digər pul qiymətlilərinin, qiymətli kağızların, xüsusi qeyd olunmuş blankların, mal-materialların, əsas vəsaitlərin, avadanlıqların və digər aktivlərin mövcud olmasını yoxlamaq və təsdiq etmək;
2. Audit aparılan struktur vahidinin (filial, şöbə, nümayəndəlik) fəaliyyəti ilə əlaqədar elektron və çap olunmuş şəkildə məlumatları təhlil və tədqiq etmək;
3.Hüquqi və fiziki şəxslərlə bağlanmış icarə müqavilələri, saxlanc müqavilələri, satış və s. üzrə hər hansı və ya bütün aktivləri yoxlamaq;
4. Bankın işçiləri tərəfindən həyata keçirilən tədbirlərin və əməliyyatların cari qanunvericiliyə və normativ tələblərə uyğunluğunun adekvatlığını müəyyən etmək, bankın siyasətini və strategiyasını, qərar qəbul etmə prosedurlarını, uçot və hesabat vermə qaydalarını müəyyənləşdirən bankın daxili qərarlarına dair yazılı sənədləri əldə etmək;
5. Əgər bank rəhbərliyi qanuni və normativ aktlara və ya bankın daxili prosedurlarına zidd olan qərarlar qəbul edərsə, DAİ-nin Rəisi bu barədə Audit Komitəsinin, İdarə Heyətinin və lazım gəldikdə Müşahidə Şurasının Sədrinə məlumat verir. Əlavə olaraq daxili auditor bankın işçi heyətinin ayrı-ayrı üzvlərinin qeyri-düzgün, diqqətsiz və zərərlə nəticələnən fəaliyyətiylə bağlı DAİ-nin Rəisinə məlumat vermək;
6. Bankın fəaliyyətinə aid olan aşağıda göstərilən istənilən məlumatı tam və məhdudiyyətsiz əldə etmək və istifadə etmək;
- Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının, bankdaxili komitələrin, İdarə Heyətinin və digər bütün struktur bölmələrinin vacib əhəmiyyət kəsb edən qərar, əmr, sərəncam, məktub və normativ göstəriş xarakterli sənədlərin surətlərini;
- bankdaxili prosedur və təlimatları və onlarda olan dəyişiklikləri;
- bankın bütün növ proqram məhsullarını;
- strateji planlaşma üzrə bütün məlumatları, proqnozları və planları, onların yerinə yetirilməsi üzrə hesabatları;
- bankın mülkiyyəti, likvidliyi və rentabelliyi, həmçinin, digər risk vəziyyətini müəyyənləşdirmək üçün tətbiq olunan idarəetmə əmsalları üzrə hesabatları;
- rəhbərliyin və digər işçilərin əmək haqları barədə məlumatları;
- müştərilərin maliyyə vəziyyəti haqqında məlumatları;
- bankın mülkiyyətində olan əmlak və inventarlar haqqında məlumatları;
- filialların gəlirliliyi haqqında məlumatları;
- bankın (Baş rəhbərliyin) gələcək planlarını;
- saxtakarlıq hallarının təhqiqat materiallarını və mümkün hüquqi tədbirlər üzrə planlarını;
- yoxlanılan və ya əvvəlki dövrlərdəki əməliyyatlarla bağlı bütün zəruri sənədləri;
- hər hansı bir əməliyyatın uçotu və xüsusiyyəti ilə bağlı bankın rəhbər işçilərindən bütün zəruri izahatları;
- audit fəaliyyətini həyata keçirərkən DAİ-nin işçi heyəti, bank, onun rəhbərləri və işçiləri haqqında məxfi məlumatları;
- bankın fəaliyyətinə aid olan, audit işinə aid əvvəlki dövrlər üzrə bütün digər məlumatları.
7. DAİ həmçinin başqa bölmələrin vəzifələrindən asılı olmayaraq müstəqil şəkildə məlumat əldə edə bilər.
8. Bankın bütün struktur bölmələri DAİ-ni aşağıdakılar barədə də məlumatlandırmalıdır:
- əhəmiyyətli çatışmazlıqların müəyyən olunması;
- təsir edə biləcək zərərin yaranması;
- müəssisə daxili qanunlardan kənara çıxan əməliyyatların yaranma ehtimalı.
9. Bankın əməkdaşları daxili auditin tələbi ilə dərhal onları lazımi məlumatlarla təmin etməli, dəstək verməli və habelə bütün lazımi sənədləri təqdim etməli, qiymətli əşyaları, digər predmetləri göstərməli, rəfləri və otaqları açmalıdırlar.
10. DAİ əməkdaşları öz fəaliyyətini müstəqil, qərəzsiz, sirr saxlayaraq vicdanla yerinə yetirməlidirlər. Onlar yoxlama prosesində davranış qaydalarına (“xidməti etik normalara”) əməl etməlidirlər.
Daxili Audit İdarəsinin əsas vəzifələri:
1. Bank fəaliyyətinə dair xüsusi qanun və başqa qaydalara əməl olunmasının təftişi və auditi;
2. Bankın audit siyasətinin və strategiyasının müəyyənləşdirilməsində iştirak;
3. İdarə heyətinin bankın strategiyasına əməl etməsinə nəzarət;
4. Nəzarət sistemlərinin adekvatlığına nəzarət;
5.Risklərin idarə edilməsi sistemlərinin işləməsinə nəzarət;
6.Bankın funksional struktur bölmələrinin hərtərəfli auditinin aparılması;
7. Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası və İdarə Heyətinin müraciəti və Audit Komitəsinin razılığına əsasən Bankın fəaliyyətində xüsusi əməliyyatların/sahələrin təftişinin və auditinin aparılması;
8. Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti tərəfindən qəbul olunmuş qərarların icrasının təftişinin və auditinin aparılması;
9. Bankın bütün strukturları üzrə onların əsasnamə funksiyalarına uyğunluğunun, işçilərin vəzifə təlimatlarının icrasının təftişinin və auditinin aparılması;
10. Normativ-hüquqi aktların və bankdaxili qaydaların icrasinin vəziyyətinin təftişinin və auditinin aparılması;
11. Bütün növ bank əməliyyatlarının və bank biznesində mövcud olan bütün risklərin təftişinin və auditinin aparılması;
12. Bankın maliyyə resurslarının planlaşdırılması və büdcənin icrasının auditinin aparılması;
13.Uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyinə icra və nəzarət sisteminin təftişinin və auditinin aparılması;
14. Bu əsasnamə ilə ona verilən səlahiyyətlər çərçivəsində digər sahələrin təftişinin və auditinin aparılması;
15. Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi;
16. Verdiyi tövsiyələrin icrasına nəzarətin həyata keçirilməsi;
17.Qeyri-səmərəlilik, hadisələr və işdə ləngimələr barədə daxili auditə məlum olan məlumatlar və Bank üçün əhəmiyyət kəsb edən müşahidələr barədə Audit Komitəsinin dərhal məlumatlandırılması;
18.Daxili auditin vəzifələrinin yerinə yetirilməsində əngəllər yarandığı halda Audit Komitəsinin məlumatlandırılması;
19.İdarənin əməkdaşlarının müasir səviyyəyə uyğun olaraq ixtisaslarının artırılması qayğısına qalınması;
20. Əməkdaşlarının vəzifə təlimatlarını, apardığı audit və yoxlamaların planlarını, forması, müddətliliyi və sahələri haqqında qaydaların hazırlanması və onu Audit Komitəsinin təsdiqinə verilməsi;
21.Bankın maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
22.Bankın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin proqnozlaşdırılması;
23.Bankın aktiv əməliyyatlarının təhlili;
24.Vəsaitlərin səmərəli yerləşdirilməsinin yoxlanılması baxımından Bankın ödəmə qabiliyyətinin, likvidliyinin təhlil olunması;
25.Bankın aktiv və passivlərinin formalaşmasının və quruluşunun təhlili;
26.Bankın maliyyə fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, onun dayanıqlığının və likvidliyinin artırılması üzrə tövsiyələrin hazırlanması;
27.Bankın mühasibat uçotunun dəqiq qurulması və onun təkmilləşdirilməsi;
28.Bankın əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi;
29.Bankın fəaliyyəti ilə bağlı olan maliyyə, vergi, bank qanunvericiliyinin və digər uyğun qanunvericilik aktları barədə məsləhətlərin verilməsi;
30.Xarici auditlə birgə işin təşkil edilməsi, auditin nəticə və tövsiyələrinin həyata keçirilməsi.
Daxili Audit İdarəsinin iş prinsipləri
1. Daxili audit hər bir yoxlama haqqında akt hazırlamalıdır. Yoxlama haqqında akt qısa, aydın formada tərtib olunmalı və məzmun etibarilə əhəmiyyətli olmalıdır. Aktın tərkibinə aşağıdakılar aiddir:
- yoxlama predmetinin və nəticələrinin ifadəsi və izahı;
- yoxlama predmetinə dair müzakirələr və yoxlama mülahizələrinin nəticələri;
- bununla bağlı məqsədyönlü dəyişikliklər barədə məsləhətlər;
- yoxlama nəticələrinin müzakirəsi.
2. Əsasən Bank üçün əhəmiyyət kəsb edən çatışmazlıqlar və həmçinin, təhlükələr və risklər müəyyən edilməlidir.
3. Daxili audit hesabat ili üçün onun tərəfindən il ərzində yerinə yetirilən ümumi yoxlamalar haqqında ümumi hesabat hazırlayır. Ümumi məruzədə yoxlama planının vəzifələrinin nə dərəcədə yerinə yetirilməsi ifadə olunmalıdır. Həmçinin, əhəmiyyətli çatışmazlıqlar, onların aradan qaldırılması üçün məsləhət görülən tədbirlər və bu tədbirlərin həyata keçirilməsi haqqında da məlumat verilməlidir.
4.Yoxlama zamanı müəyyən olan bank üçün əhəmiyyətli təhlükə və risklər barədə Audit Komitəsinə yazılı şəkildə məlumat verir.
5.Daxili audit yoxlama zamanı müəyyən edilmiş çatışmazlıqların fasiləsiz aradan qaldırılması və məsləhətlərin yerinə yetirilməsi üzrə müvafiq sənədlər tərtib etməlidir. Yoxlamanın müddəti və intensivliyi çatışmazlıqların əhəmiyyətindən və ya onların aradan qaldırılmasına dair təkliflərdən asılıdır.
Daxili Audit İdarəsinin hesabatvermə öhdəlikləri
DAİ müntəzəm olaraq apardığı yoxlamalarla bağlı Audit Komitəsinə hesabat verir. Hər bir audit hesabatında:
- audit işinin məqsədi, həcmi və nəticələri təqdim edilməli və lazım gəldikdə hesabatlarda auditor rəyi ifadə olunmalıdır;
- obyektiv, aydın, yığcam, konstruktiv tərzdə yazılmalı və vaxtlı-vaxtında təqdim olunmalıdır;
- auditin nəticələri üzrə razılıq və məsləhətləri həyata keçirmək üçün tədbirlər audit planına daxil edilməlidir.