XalqOnline

Dili dəyiş

az

Ələkbər Rzaquliyev

Ələkbər Rzaquliyev

Xalq Bankın “Xalq Əmanəti” layihəsinin on yeddinci nəşri Azərbaycan milli qrafika sənətinin sütunlarından biri, Əməkdar rəssam Ələkbər Ələsgər oğlu Rzaquliyevin (1903-1974) həyat və yaradıcılığına həsr olunmuşdur. Ələkbər Rzaquliyev yaradıcılığı vətənə, doğma torpağa möhkəm tellərlə bağlı olan sənətkarlardan idi. Milli qrafika sənətinin formalaşmasında müstəsna rolu olan rəssam zəngin sənət yolu keçib. O, İçərişəhərdə dünyaya göz açmış, ilk bədii təhsilini Bakıda almış, Moskva şəhərində isə Ali Bədii-Texniki Emalatxanalarında (VXUTEMAS) təhsilini davam etdirmişdi. Bu təhsil ocağı sənətin müxtəlif üslub və istiqamətlərini dərindən öyrənmək üçün əvəzsiz məkan idi. Fəallığı ilə seçilən, təbiətcə ünsiyyətcil Rzaquliyev tezliklə müəllim və tələbə kollektivinin hörmətini qazanmışdı. O, Moskvada əsərlərini sərgiləyən ilk azərbaycanlı rəssam idi.

Rəssamın sənəti bu gün də təkcə həmvətənləri tərəfindən yüksək qiymətləndirilmir, xaricdən gələn qonaqlar sənətkarın estamplarını həvəslə əldə edirlər. Onlar üçün rəssamın yaratdığı obrazlar  və əsərlər Azərbaycan xalqının mədəniyyətini təcəssüm etdirən ən dəyərli nümunələrdir.