SSRİ və Azərbaycanın Xalq rəssamı, SSRİ Dövlət mükafatı və Beynəlxalq Cəvahirləl Nehru mükafatı laureatı Mikayıl Abdullayev bütün yaradıcı həyatını Azərbaycan təbiətinin, onun qəhrəman insanlarının, tarixinin şanlı səhifələrinin vəsfinə həsr etmişdir. Təsviri sənətimizin inkişafında mühüm xidmətləri olan bu böyük sənətkarın rəngkarlıq və qrafika janrında yaratdığı əsərlər incəsənətimizin çox qiymətli səhifələrini təşkil edir. Dünyanın bir çox ölkələrinin muzeylərində dəyərli eksponat kimi saxlanılan Mikayıl Abdullayev yaradıcılığının nümunələri milli mədəniyyətimizin təbliğatçılarıdır. Bu əsərlərdə Azərbaycanımızın əsrarəngiz təbiəti, şanlı tarixi, milli-mənəvi dəyərləri böyük məharətlə təsvir olunub. Rəssamın Hindistan motivləri üzrə çəkdiyi rəsmlər SSRİ-də bu mövzunun ən uğurlu nümunələri sayılırdı.
M.Abdullayevin yaradıcılığında Bakı metrosunun "Nizami" stansiyasının interyerinin tərtibatı xüsusi yer tutur. Divardakı təsvirlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır. Metronun bu stansiyası yeraltı qalereya təəssüratı yaradır. Sənətkarın teatr rəssamlığının inkişafında da xidməti çox olmuşdur. O, "Leyli və Məcnun", "Koroğlu" operalarına, Niyazinin "Çitra" baletinə bədii tərtibat vermişdir. Görkəmli bəstəkar Fikrət Əmirov onu "bəstəkar ürəkli rəssam" adlandırırdı. Onun yaratdığı məktəbin yetirmələri olan onlarla sənətkar bu gün milli rəssamlıq sənətimizin inkişafına xidmət etməkdədir.