XalqOnline

Dili dəyiş

az

Nadir Əbdürrəhmanov

Nadir Əbdürrəhmanov

Görkəmli Azərbaycan boyakarı, Xalq rəssamı, professor Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Azərbaycanın dilbər guşəsi Laçında anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır.

Nadir Əbdürrəhmanovun yaradıcılığı geniş tamaşaçı kütləsinə qədim Odlar Yurdunun tarixi, mədəniyyəti, təbiəti, bu torpaqda yaşayan insanların həyatı və məişəti haqda məlumat verir. Onun təsvir etdiyi həyat həqiqi, nikbin və gözəldir - bu, rəssamın zəngin daxili aləminin inikasıdır. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamışdır.

Sənətkar Azərbaycan Rəssamlar İttifaqının sədri və Azərbaycan Ali Sovetinin deputatı kimi ictimai fəaliyyət göstərmişdir. O, davamlı olaraq pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Məzunu olduğu Ə.Əzimzadə adına rəssamlıq məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında sənətin incəliklərini tələbələrə öyrətmiş və sonuncu tədris ocağında professor, yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur. Onun yetişdirdiyi rəssamlar arasında yüksək fəxri adlara layiq görülmüş fırça ustaları var. Nadir Əbdürrəhmanovun əsərləri Azərbaycan milli incəsənətinin dəyərli nümunələri olaraq dünyanın böyük muzey və qalereyalarında qorunur.

Bu gün də Nadir Əbdürrəhmanovun fırçasına məxsus milli incəsənətin sovet dünya mədəniyyətləri ilə dərin sintezindən doğan parlaq əsərləri yaşayır və sevilir. Onun qadın qəhrəmanlarının həyəcanlandırıcı qrasiyası, gözəlliyi, səmimiliyi, tablolarının plastik və rəng harmoniyası tamaşaçıları riqqətə gətirir, məftun edir, çünki onun yaratdığı əsərlər zamanın fövqündədir.