XalqOnline

Dili dəyiş

az

14 Yanvar 2026

Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı

Ölkənin aparıcı banklarından olan Xalq Bank 2025-ci ili 61 mln manat mənfəətlə tamamladı. İl ərzində əsas maliyyə göstəricilərində artım nümayiş etdirən Bankın aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə 4 % artaraq hesabat dövrünün sonuna 3,184 mlrd manat təşkil etmişdir. Kredit portfelinin həcmi 1,912 mlrd manat təşkil etmiş, depozit portfelinin həcmi 2024-cü ilin sonu ilə müqayisədə 7% artaraq 2,097 mlrd manat təşkil etmişdir. 
Bankın cəmi kapitalı artaraq 542.5 mln manata çatmışdır ki, bu da 2024-cü ilin analoji dövrünün sonu ilə müqayisədə 6 % çoxdur. 2025-ci ilin sonuna Bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 24 % artaraq 228,6 mln manata, qeyri-faiz gəlirləri isə 22 % artaraq 52,3 mln manata yüksəlib.
2025-ci ildə Moody’s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın fəaliyyətini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsində təsdiqləyib. Agentlik Bankın reytinq üzrə proqnozu “stabil” olmaqla, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CRR) Ba2/NP səviyyəsində təsdiqləyib. Moody’s Ratings ekspertləri BCA b1 qiymətləndirməsini Bankın möhkəm gəlirlilik qabiliyyəti, güclü kapitalı və sabit depozit portfelinə əsaslanan sağlam maliyyə və likvidlik mövqeyi ilə əlaqələndirir.
2025-ci il ərzində Bank maliyyə dayanıqlığının gücləndirilməsi, kapital bazarlarına çıxışın genişləndirilməsi və sosial-mədəni təşəbbüslər üzrə fəaliyyətini genişləndirmişdir.
Xalq Bank ölkədə investisiya xidmətləri üzrə lisenziya alan ilk bank olaraq kapital bazarlarında iştirakını genişləndirmiş, Milli Depozit Mərkəzinə və Bakı Fond Birjasına üzv olmaqla qiymətli kağızların emissiyası və dövriyyəsində birbaşa iştirak edən aparıcı maliyyə institutlarından birinə çevrilmişdir. 2025-ci ilin dekabr ayında Xalq Bank istiqraz buraxılışını həyata keçirərək investorlar üçün yeni investisiya imkanları yaratmışdır. Eyni zamanda, Bank 2025-ci ildə nizamnamə kapitalını 446.6 mln manata artırmaqla özünün maliyyə dayanıqlığını möhkəmləndirmişdir.
Xalq Bank 2025-ci ildə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini genişləndirmiş, törəmə maliyyə alətləri üzrə əməliyyatların həyata keçirilməsi məqsədilə Xalq Bank və “Commerzbank AG” arasında beynəlxalq təcrübəyə əsaslanan və bazar üçün mühüm əhəmiyyət daşıyan İSDA razılaşması əldə edilmişdir.
2025-ci ildə XalqOnline internet və mobil bankçılıq sistemində SİMA yeni nəsil rəqəmsal imzanın inteqrasiyası bank əməliyyatlarının daha təhlükəsiz, sürətli və rahat həyata keçirilməsinə imkan yaratmış, müştərilərin məsafədən bankçılıq xidmətlərinə çıxışını daha da genişləndirmişdir. 
Ötən il ərzində sosial-mədəni təşəbbüslər çərçivəsində Xalq Bankın “Xalq Əmanəti” layihəsi üzrə 2 nəşri təqdim edilmişdir. Layihənin 25-ci buraxılışı Güney Azərbaycan poeziyasına, 26-cı nəşri isə Azərbaycanın görkəmli rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından bəhs edən bədii alboma həsr olunmuşdur. Bu kitablar layihə çərçivəsində nəşr olunmuş digər nüsxələr kimi milli-mədəni irsin qorunmasına töhfə vermişdir. 
2025-ci ildə Xalq Bank idman və ictimai tərəfdaşlıqlar üzrə fəaliyyətini genişləndirmiş, Azərbaycan Boks Federasiyasına üzv olaraq sağlam həyat tərzinin təşviqi və idman infrastrukturunun inkişafına dəstəyini nümayiş etdirmişdir. Həmçinin, Bank gənc istedadların inkişafını dəstəkləyərək 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərdə Bakıda keçirilmiş 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC – International Collegiate Programming Contest) dünya finalının tərəfdaşı kimi çıxış etmişdir.