Bank Qarantiyası
Bank qarantiyası - alqı-satqı, tender və ya digər bir iş üzrə tərəflərdən birinin (Prinsipal) digər tərəf (Benefisiar) qarşısında öhdəliklərini lazımı şəkildə və vaxtında icra edəcəyinə dair bank (Qarant) tərəfindən verilən yazılı təminatdır. Beləliklə, qarantiya üzrə öhdəlik icra edilmədikdə, Benefisiarın ilk yazılı tələbi və lazım olduqda digər sənədlərin təqdim olunması əsasında Qarant Benefisiarın xeyrinə ödənişi həyata keçirir.
ASC “Xalq” Bankı müştərilərinə yerli və beynəlxalq bank qarantiyaları təklif etməklə bərabər həm də geniş məsləhət xidmətləri göstərməkdədir. Həmçinin, ASC “Xalq” Bankının beynəlxalq səviyyədə nüfuzlu banklarla əməkdaşlıq əlaqələri vardır və bu banklar vasitəsilə bank qarantiyalarının buraxılmasını təmin edir. Beynəlxalq bank qarantiyaları zamanı ASC “Xalq” Bankı tam dəstək ilə müştərilərinin yanında yer alır.
ASC “Xalq” Bankı tərəfindən təklif olunan bank qarantiyaları aşağıdakılardır:
- Tender qarantiyası – Tender iştirakçısının tender qaydalarına əməl edəcəyinə dair təminatdır.
- İcra qarantiyası – İxracatçının və ya icraçının iş, mal və ya xidməti vaxtında və lazımı keyfiyyətdə yerinə yetirəcəyinə dair təminatdır.
- Avans ödənişinin qaytarılması qarantiyası – Avans ödənişinin ixracatçı və ya icraçı tərəfindən geri ödənişinin təminatıdır.
- Ödəmə qarantiyası – İdxaladçı və ya sifarişçi tərəfindən iş, mal və ya xidmət üzrə ödənişin vaxtında təmin ediləcəyinə dair təminatdır.
- Gömrük qarantiyası – Prinsipalın gömrük orqanları qarşısında yaranmış vergi və rüsumlarının vaxtında ödəniləcəyinə dair taminatdır.
- Keyfiyyət qarantiyası – Təhvil verilmiş iş, mal və ya xidmətin müqavilə şərtlərinə uyğun olacağına dair təminatdır.
ASC “Xalq” Bankı müştərilərinə bank qarantiyaları üzrə aşağıdakı xidmətləri göstərir:
- Bank qarantiyalarının açılması, avizosu və digər əməliyyatlar;
- Həm ASC “Xalq” Bankının, həm də müştərinin vəsaiti hesabına bank qarantiyasının buraxılması;
- Kağız və elektron (SWIFT) daşıyıcıda bank qarantiyalarının təqdimatı;
- Nüfuzlu beynəlxalq banklar vasitəsilə bank qarantiyalarının buraxılması, avizosu və digər əməliyyatlar;
- Fərdi bank qarantiyası formalarının tərtibi;
- Bank qarantiyaları üzrə tam məsləhət.
Qarantiya üzrə tariflərə burada baxa bilərsiniz.