“Xalq Əmanəti” layihəsinin on altıncı nəşri - “Aşıq Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun böyük tədqiqat işinin nəticəsidir. Nəşr üç tematik cilddən (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunub. Topluda həm də müəllifi məlum olmayan əsərlər, geniş arxaik və əcnəbi sözlər lüğəti öz əksini tapıb.
Aşıq xalqın ruhunu, mənəvi varlığını dərindən bildiyi və məhz xalqın ürəyindən keçənləri dilə gətirdiyi üçün xalq onu el anası adlandırmışdır. El anası olan aşıq elin-xalqın psixologiyasını, əxlaq qanunlarını, yüzillərin sınağından keçmiş mənəvi dəyərlərini, həyat təcrübəsindən doğan müdrik düşüncələrini özünün düzüb qoşduğu şeirlərdə elə bir ölçü-biçiylə, poetik mizan içərisində təqdim etmişdir ki, xalq həmin sözləri ustad kəlamı, ustad sözü - ustadnamə sayaraq dilinin əzbərinə çevirmişdir.