Xalq Bankın “Xalq Əmanəti” layihəsinin on səkkizinci nəşri böyük Azərbaycan şairi, mütəfəkkiri, marifçi-pedaqoqu Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə həsr olunmuşdur. “Vazeh” (ifadəli, aydın) təxəllüsü ilə Azərbaycan və fars dillərində yazıb-yaradan Mirzə Şəfi Kərbəlayi Sadıq oğlu 1794-cü ildə Gəncədə doğulmuşdur. Erkən yaşlarında mədrəsədə dinin əsaslarını öyrənmiş Mirzə Şəfi təhsilini başa vurduqdan sonra Azərbaycan və şərq ədəbiyyatı, sufilik fəlsəfəsi ilə dərindən maraqlanmışdır. Gənc şair yazdığı əsərlərində insan ruhunun əzəmətini, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri vəsf edirdi. Vazeh qələmindən çıxan “Yusif və Züleyxa”, “Sədi və şah” poemaları, çoxsaylı qəzəlləri, rübailəri, kəskin satira və yumorla dolu aforizmləri dövrü üçün çox cəsarətli nümunələr idi.