Zalimkhan Yagub

Zalimkhan Yagub

Gücünü torpaqdan, el-obadan alan şair xalqımızın folklor təfəkkürünü, yazılı ədəbiyyatın əsas ideyalarını, dilimizin zəngin bədii imkanlarını dərindən mənimsəyərək həyatını vətənimizin, milli-mənəvi dəyərlərimizin tərənnümünə həsr etmişdir. Zəlimxan Yaqub  mütəfəkkir şairdir. O Azərbaycanı bölgə-bölgə, oba-oba, oymaq-oymaq gəzir, mənsub olduğu xalqı sevərək öyrənir və özü dediyi kimi, “xalqla nəfəs-nəfəsə dayanır, ünsiyyətə girir, dərdlinin həmdərdi, söhbətcilin həmsöhbəti olur”. Zəlimxan Yaqub yaradıcılığının ən mühüm göstəricilərindən biri onun etnoqrafikliydir. Mənsub olduğu xalqı bir peşəkar tadqiqatçı-etnoqraf səviyyəsində mükəmməl tanıyan şair yaradıcılığının məzmun-mündəricəsindən başlamış forma-intonasiyasına qədər olduqca millidir. Onun yaradıcılığını müasir ədəbi-ictimai mühit şifahi xalq ədəbiyyatı hadisəsi kimi qəbul edir. Şairin öz dərin inamına görə, onun şeiri dövrün, zamanın tələblərinə cavab verir və milli ictimai şüura əhəmiyyətli təsir göstərmək, hissləri, duyğuları coşdurmaq gücündədir.  

            Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatındakı yerini müəyyən etmək üçün onun nəhəng istedadını, zəngin dilini, çoxşaxəli yaradıcılığını dərindən araşdırmaq lazımdır. Onun yaradıcılığı poeziyanın janr təsnifatına sığmır: o, sözün geniş mənasında məhəbbət şairidir. Onun yaradıcılığında, bir küll halında baxılarsa, bilavasitə məhəbbət şeirləri, bəlkə də, o qədər çox deyil, ancaq mükəmməldi, ədəb-ərkanlıdı, həyalıdı.